Donald Trampın qardaşı qızı Meri Liya Tramp ABŞ millisinin DÇ-2026-nın 1/8 finalında Belçikaya məğlubiyyətindən sonra sosial şəbəkədə paylaşım edib.
O, ABŞ yığmasının məğlubiyyətini şərh edərək Donald Trampın hər şeyə “kölgə saldığını” bildirib.
“Tarixin ən yaxşı ABŞ millisi Belçikaya uduzdu. Əgər onlar növbəti mərhələyə keçsəydilər, bu qələbənin yanında Donaldın müdaxiləsinə görə ulduz işarəsi olacaqdı. O, hər şeyə kölgə salır. O yalnız hiylə ilə qalib gələ bilir və elə düşünür ki, bu, hamıya aiddir”, - deyə Meri Liya Tramp yazıb.
Məlumata görə, ABŞ millisinin futbolçusu Folarin Baloqun Bosniya və Herseqovina ilə oyunda qırmızı vərəqə almışdı. FIFA qaydalarına əsasən, o, Belçikaya qarşı 1/8 final matçında iştirak etməməli idi.
Lakin FIFA hücumçunun cəzasını müvəqqəti dayandırıb. Bundan sonra mediada ABŞ Prezidenti Donald Trampın FIFA rəhbəri Canni İnfantinoya zəng edərək Baloqunun cəzasına yenidən baxılmasını istədiyi barədə məlumat yayılıb. “Reuters” də Belçikanın ABŞ-ı 4:1 hesabı ilə məğlub etdiyini və Baloqunla bağlı qərarın oyun ətrafında mübahisə yaratdığını yazıb.
Belçika bu qələbə ilə 1/4 finala yüksəlib. Komanda növbəti mərhələdə Portuqaliyanı məğlub edən İspaniya ilə qarşılaşacaq.

