ABŞ administrasiyasının nümayəndələri Kanada meşə yanğınlarının tüstüsünün futbol üzrə dünya çempionatının finalına yarada biləcəyi sağlamlıq risklərini müzakirə etmək üçün FIFA prezidenti Canni İnfantino ilə görüşəcəklər.
Bu barədə “Sky News”un jurnalisti Rob Harris “X” sosial şəbəkəsində məlumat verib. Tərəflərin Nyu-York və Nyu-Cersi ştatlarında hava keyfiyyətinin pisləşməsini və bunun azarkeşlər, futbolçular və stadion əməkdaşları üçün mümkün nəticələrini qiymətləndirəcəyi bildirilir.
Kanadadakı meşə yanğınlarının tüstüsü ABŞ-nin şərq sahillərinə çataraq Vaşinqton, Nyu-York, Boston və digər iri şəhərləri əhatə edib. Bəzi ərazilərdə hava keyfiyyəti sağlamlıq üçün zərərli həddə çatıb, yerli hakimiyyət orqanları sakinlərə açıq havada fəaliyyəti məhdudlaşdırmağı və qoruyucu maskalardan istifadə etməyi tövsiyə ediblər.
Dünya çempionatının finalı 19 iyul 2026-cı ildə İspaniya və Argentina yığmaları arasında Nyu-Cersi ştatının İst-Raterford şəhərindəki “MetLife” stadionunda keçiriləcək. FIFA finalın məhz həmin tarixdə Nyu-York/Nyu-Cersi stadionunda baş tutacağını təsdiqləyib.
Məlumata görə, ABŞ Prezidenti Donald Trampın da final qarşılaşmasında iştirak edəcəyi gözlənilir. Ağ Ev onun oyundan əvvəl FIFA rəhbərliyi ilə təmasda olacağını açıqlayıb.
Hazırda finalın təxirə salınması və ya başqa stadiona keçirilməsi barədə qərar yoxdur. Rəsmilər hava keyfiyyətini və küləyin istiqamətini izləyirlər. Proqnozlara görə, şənbə günü gözlənilən yağış tüstünün bir hissəsini dağıda bilər, lakin bazar günü vəziyyətin necə olacağı hələ də tam aydın deyil.
Dünya çempionatında üçüncü yer uğrunda İngiltərə–Fransa oyunu isə 18 iyulda Mayamidə keçiriləcək.

