Amazonun qurucusu Jeff Bezosun da daxil olduğu investorlar konsorsiumu İngiltərənin “Liverpul” futbol klubunda minoritar pay əldə edib.
Klubun saytında yayılan məlumata görə, “Liverpul”un sahibi olan Fenway Sports Group (FSG) 1892 Holdings şirkəti ilə sövdələşmə imzalayıb. Holdinqə britaniyalı-hindistanlı iş adamı Amit Bhatiya rəhbərlik edir. Bezos isə şirkətin əsas investorudur.
Bloomberg mənbələrinin məlumatına görə, investorlar “Liverpul”un səhmlərinin təxminən 30 faizini alıblar. The Guardian isə sövdələşmənin dəyərinin 2,23 milyard dollar olduğunu yazıb.
Hazırda FSG klubda əsas payı və idarəetmə nəzarətini saxlayır. Bununla belə, investorların gələcəkdə “Liverpul” üzərində nəzarəti əldə etməyi planlaşdırdığı bildirilir.
Reuters-in məlumatına görə isə sövdələşmə klubun ümumi dəyərini 7 milyard dollardan çox qiymətləndirir.

