Almaniyanın istilik avadanlıqları istehsalçısı “Viessmann” şirkətinin təsisçi ailəsi “Bavariya” futbol klubunun səhmdarları sırasına qoşulub.
Bu barədə Münhen təmsilçisi rəsmi məlumat yayıb.
Bildirilib ki, “Viessmann Generations Group GmbH & Co.” şirkəti klubun səhmlərinin ilkin olaraq 5 faizini əldə edir. Kapital artımından sonra şirkətin payı təxminən 6,7 faizə çatacaq.
Şirkətin baş icraçı direktoru Maks Vissmann isə “Bavariya”nın Müşahidə Şurasına üzv olacaq.
“Bloomberg” agentliyinin məlumatına görə, sövdələşmə çərçivəsində Almaniya Bundesliqasının 35 qat çempionu olan “Bavariya”nın dəyəri təxminən 4 milyard avro qiymətləndirilib.
Razılaşmanın maliyyə detalları rəsmi olaraq açıqlanmayıb.
Bununla da klubun dörd minoritar səhmdarı olacaq: “Adidas”, “Audi”, “Allianz” və “Viessmann”. Onlar birlikdə səhmlərin 30 faizinə sahib olacaqlar. Qalan 70 faizlik nəzarət paketi isə klubun özündə qalacaq.
Qeyd edək ki, “Viessmann” və “Bavariya” 2018-ci ildən əməkdaşlıq edirlər.
1917-ci ildə Yohan Vissmann tərəfindən yaradılan şirkət hazırda 40-dan çox ölkədə fəaliyyət göstərir. Təxminən 6 min əməkdaşı olan şirkətin illik gəliri 2 milyard avroya yaxındır.

