"Nutella" şokolad-fındıq pastasının istehsalçısı olan Ferrero şirkəti xammal çatışmazlığı riski ilə üzləşib — İtaliyada fındıq məhsulu son onilliklərin ən aşağı səviyyəsinə düşüb.
DenMedia.az xəbər verir ki, bu barədə Spiegel məlumat yayıb.
Məlumata görə, 2025-ci ildə İtaliyada cəmi 70 min ton fındıq toplanıb — bu, ötən illə müqayisədə iki dəfə azdır. Şirkətin ikinci əsas tədarükçüsü olan Türkiyədə də məhsuldarlıq şaxtalar səbəbindən azalıb.
Ekspertlər bildirirlər ki, istehsalçılar fındığı Çindən almağa məcbur qala bilər, bu isə qiymətlərin artımına səbəb olacaq.
Fındıq "Nutella"-nın tərkibinin təxminən 13%-ni təşkil edir. Analitiklərin fikrincə, xammalın bahalaşması məhsulun satış qiymətinə də təsir göstərəcək, baxmayaraq ki, bu təsir tam şəkildə əks olunmaya bilər.
Son üç ildə Aİ ölkələrində fındıq tərkibli məhsulların qiyməti 27–65% aralığında artıb.

