Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzitlə propan qazı göndəriləcək.
Yerli medianın məlumatına görə, bu gün Balacarı stansiyasından 30 vaqon Rusiya istehsalı propan qazının Ermənistana yola salınması planlaşdırılır.
Bundan əvvəl də Rusiya məhsulları Azərbaycan ərazisindən tranzitlə Ermənistana göndərilib. Bu çərçivədə Ermənistana 36 min tondan çox taxıl, təxminən 8 min ton gübrə, 133 ton alüminium, 68 ton qarabaşaq və 414 ton antrasit daşınıb.
Bundan başqa, Azərbaycandan Ermənistana neft məhsulları da ixrac olunur. İndiyədək bu ölkəyə 14 min tondan çox dizel yanacağı, həmçinin təxminən 5 min ton Aİ-92 və Aİ-95 markalı benzin tədarük edilib.

