Dünya bazarında ərzaq qiymətləri 2022-ci ilin noyabrından bəri ən yüksək səviyyəyə çatıb. Sentyabr ayında qlobal ərzaq qiymətləri indeksi 136 bənd təşkil edib.
Bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatında bildirilib.
Məlumata görə, 2026-cı ilin sentyabrında ərzaq qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz, avqust ayına nisbətən isə 1,5 faiz artıb.
Ən böyük bahalaşma şəkər və taxıl məhsullarında qeydə alınıb.
Belə ki, şəkərin qiyməti 6,1 faiz, taxıl məhsullarının qiyməti 5,1 faiz, bitki yağlarının qiyməti isə 0,9 faiz yüksəlib.
Bununla yanaşı, bəzi ərzaq məhsullarının qiymətində ucuzlaşma müşahidə olunub. Ətin qiyməti 1,1 faiz, süd məhsullarının qiyməti isə 0,1 faiz azalıb.
FAO-nun məlumatına görə, qiymət artımına qlobal ticarət və nəqliyyat marşrutlarında yaranan problemlər, əlverişsiz hava şəraiti və məhsul tədarükü ilə bağlı narahatlıqlar təsir göstərib.
FAO-nun baş iqtisadçısı Maksimo Torero bildirib ki, bahalaşma davam edərsə, bunun təsiri yaxın vaxtlarda istehlakçıların gündəlik ərzaq xərclərində də hiss oluna bilər.
«Bu tendensiya davam edərsə, qiymət artımının təsiri tezliklə istehlakçılara da çatacaq. Xüsusilə ərzaq və enerji idxalından asılı ölkələr daha çox təzyiqlə üzləşə bilər», – deyə Torero xəbərdarlıq edib.
Mütəxəssislər beynəlxalq bazarlarda qiymət artımının davam etməsinin idxaldan asılı ölkələrdə ərzaq məhsullarının bahalaşması riskini artırdığını bildirirlər.

