Avqustda dünya üzrə ərzaq qiymətləri 2022-ci ilin sonundan bəri ən yüksək səviyyəyə çatıb. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, buna geosiyasi gərginliyin artması və ekstremal hava şəraiti təsir edib.
Avqustda əsas istehsalçı regionlardan tədarüklə bağlı narahatlıqlar güclənib. Nəticədə ərzaq qiymətləri iyulla müqayisədə 1,9 faiz artıb. Bahalaşma xüsusilə taxıl, şəkər və süd məhsullarında qeydə alınıb.
Şəkərin qiyməti bir ayda 11,9 faiz, buğdanın qiyməti isə 2,6 faiz yüksəlib. Buğda artıq ötən ilin eyni dövrü ilə müqayisədə 15 faiz bahadır.
FAO qeyd edir ki, dünya ərzaq bazarlarında əsas diqqət tədarük problemləri və hava risklərinə yönəlib. Bu vəziyyət istehsal xərclərinin artmasından onsuz da əziyyət çəkən fermerlərə əlavə təzyiq yaradır.
İyulun ortalarından etibarən Qara dəniz akvatoriyasında döyüşlərin intensivləşməsi Ukraynadan taxıl ixracını çətinləşdirib. Eyni zamanda ABŞ və İran arasında sülh razılaşmasına dair ümidlərin zəiflədiyi bildirilir.
Avropada ardıcıl istilik dalğalarının səbəb olduğu zəif məhsuldarlıq qitənin idxaldan daha çox asılı vəziyyətə düşməsinə gətirib çıxara bilər. Güclü El-Ninyo təhlükəsi isə yaxın aylarda hava risklərinin azalacağına ümid vermir.
FAO həmçinin 2026-cı il üzrə dünya taxıl istehsalı proqnozunu 2,98 milyard tona endirib. Bildirilir ki, bu, 2018-ci ildən bəri ən ciddi illik azalma ola bilər.
Bloomberg-in 10 əsas kənd təsərrüfatı məhsulunu izləyən Agriculture Spot Index-i avqustda 13 faizdən çox yüksəlib. Bu, 2012-ci ilin iyulundan bəri ən sürətli aylıq artımdır. Buğda və qarğıdalı fyuçersləri də çoxillik maksimumlara yüksəlib. Bloomberg-in avqust materiallarında müharibə və hava şəraitinin kənd təsərrüfatı qiymətlərinə ciddi təzyiq göstərdiyi vurğulanır.
Denmedia.az

