Rusiyanın Yekaterinburq şəhərində 47 yaşlı kişinin meyiti Şartaş gölünün sahilində aşkarlanıb. Yerli mənbələrin məlumatına görə, meyit yanvarın 12-də tapılıb və mərhumun başında polietilen paket olub.
Kişinin şəxsiyyəti artıq müəyyən edilib. Onu birlikdə yaşadığı qadın tanıyıb. Məlumata görə, o, yanvarın 6-da evdən çörək almaq üçün çıxıb və bir daha geri qayıtmayıb. Yanvarın 9-da qadın onun itkin düşməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.
“LizaAlert” axtarış dəstəsi də itkin şəxsin meyitinin tapıldığını təsdiqləyib.
İlkin məlumatlara əsasən, kişinin ölümü kriminal xarakter daşıya bilər. Hazırda hadisənin dəqiq səbəbləri və başvermə şəraiti araşdırılır, müvafiq ekspertiza təyin olunub. İstintaq orqanları məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

