İstanbulun Eyüpsultan rayonunda özlərini telefonla polis və prokurorluq əməkdaşı kimi təqdim edən dələduzlar Azərbaycan vətəndaşına məxsus təxminən 1,5 milyon lirəlik, yəni 54 min 300 manat dəyərində zinət əşyalarını ələ keçiriblər.
İHA-nın məlumatına görə, cinayətkar şəbəkəyə qarşı keçirilən əməliyyat zamanı 5 şübhəli saxlanılıb.
Hadisə iyulun 1-də baş verib. Məlumata əsasən, dələduzlardan biri şəxsi avtomobili ilə zərərçəkənlə görüşərək zinət əşyalarını götürüb. Daha sonra yaxınlıqda gözləyən başqa avtomobilə minərək hadisə yerindən uzaqlaşıb.
Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəlilərin kimliyi və gizləndikləri ünvanlar müəyyən edilib. Beş nəfər saxlanılaraq istintaqa cəlb olunub.
Onların üzərində və avtomobillərində aparılan axtarış zamanı sübut kimi “etibarsız” qeydi olan 142 ədəd saxta 100 avroluq əsginas, oğurlanmış üzük, sırğa və boyunbağı, eləcə də 19 min 880 lirə nağd pul aşkarlanaraq götürülüb.
Məhkəməyə çıxarılan şübhəlilərdən dördü həbs edilib, biri isə məhkəmə nəzarəti altında sərbəst buraxılıb.

