ABŞ-ın Florida ştatında itkin düşmüş uşaqların tapılması məqsədilə keçirilən beş günlük əməliyyat nəticəsində aralarında cəmi 2 aylıq körpənin də olduğu 163 uşaq tapılıb.
Florida Hüquq-Mühafizə Departamentinin (FDLE) məlumatına görə, “Operation Statewide Shield” (“Ştat üzrə Qalxan”) əməliyyatı avqustun 17-dən 21-dək keçirilib. Əməliyyatın məqsədi 18 yaşdan kiçik itkin uşaqların müəyyən edilməsi, tapılması və xilas edilməsi olub.

Tapılan uşaqların yaşları 2 aydan 17 yaşadək dəyişib. Rəsmilər uşaqların bir çoxunun müxtəlif səviyyələrdə zorakılıq, laqeyd münasibət, istismar və digər cinayət əməlləri ilə üzləşdiyini bildiriblər.

Ən çox uşaq Tampa Körfəzi bölgəsində tapılıb – 46 nəfər. Mayamidə 41, Ceksonvildə 32, Orlandoda 21, Fort-Mayersdə 12, Pensakolada 8, Tallahassidə isə 3 itkin uşaq müəyyən edilib. Beləliklə, Florida üzrə tapılan uşaqların ümumi sayı 163-ə çatıb.
Əməliyyat çərçivəsində aparılan işlərin Florida sərhədlərini də aşdığı, araşdırmaların altı ştatı, ABŞ-ın bir ərazisini və 12 ölkəni əhatə etdiyi bildirilib. Bundan əlavə, üç ayrı ağır cinayət işi ilə bağlı tədbirlər həyata keçirilib və həmin işlər üzrə araşdırmalar davam etdirilir.
Yardıma ehtiyacı olduğu müəyyən edilən uşaqlar təhlükəsiz şəkildə müvafiq reabilitasiya mərkəzlərinə yerləşdirilib. Onlara sosial xidmət əməkdaşları, uşaq rifahı üzrə mütəxəssislər, tibb işçiləri və zərərçəkənlərə dəstək mütəxəssisləri tərəfindən yardım göstərilib.

Florida rəsmiləri “Operation Statewide Shield” əməliyyatını əhatə dairəsi və tapılan uşaqların sayına görə ABŞ tarixində itkin uşaqların tapılması istiqamətində keçirilmiş ən böyük əməliyyatlardan biri adlandırıblar.

