Abşeron Rayon Polis İdarəsinin əməkdaşları hüquqpozmaların qarşısının alınması və ictimai asayişin təmin edilməsi məqsədilə növbəti əməliyyat-profilaktik tədbirlər keçiriblər.
Tədbirlər zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 8 fakt aşkarlanıb. Müxtəlif cinayətlər törətməkdə şübhəli bilinən və digər səbəblərdən axtarışda olan 5 nəfər saxlanılıb, 15 hüquqpozmanın isə “isti izlər”lə üstü açılıb.
Bundan başqa, qanunsuz küçə ticarəti, avaralıq və dilənçiliklə bağlı 32 fakt, xırda xuliqanlıq və xırda talama ilə əlaqədar isə 60 fakt müəyyən edilib.
Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən sərxoş vəziyyətdə avtomobil idarə edən 3 sürücü barəsində inzibati tədbir görülüb.
Gecə saatlarında yüksək səs-küy yaradaraq sakinlərin rahatlığını pozan 23 motosiklet sürücüsü inzibati məsuliyyətə cəlb olunub.
Masazır qəsəbəsində isə avtoxuliqanlıq hərəkətləri edən “Lada” markalı avtomobilin sürücüsü K.Qarayev, həmçinin narkotik vasitənin təsiri altında “Chevrolet” markalı avtomobil idarə edərək qəza törədən və hadisə yerindən qaçmağa cəhd göstərən S.Əhmədov saxlanılıb.
Məhkəmənin qərarı ilə K.Qarayevin sürücülük hüququ 1 il, S.Əhmədovun isə 2 il müddətinə məhdudlaşdırılıb. S.Əhmədov barəsində əlavə olaraq inzibati həbs tənbeh tədbiri də tətbiq edilib.
Həmçinin nəqliyyat vasitələrinin konstruksiyasına qanunsuz dəyişiklik edən 14 sürücü, eləcə də çoxavazlı səs siqnalından istifadə edən 1 sürücü barəsində inzibati tədbir görülüb.

