Braziliyanın Kuritiba şəhərində uşaq bağçasına daxil olaraq 13 uşağı girov götürən şəxs polis əməliyyatı zamanı öldürülüb.
Hadisə oktyabrın 9-da San-Bras rayonunda yerləşən CMEI São Braz məktəbəqədər təhsil mərkəzində baş verib.
Parana ştatı polisinin məlumatına görə, kişi hasardan aşaraq müəssisəyə daxil olub, sinif otaqlarından birinə keçərək 4-5 yaşlı 13 uşağı və müəssisə əməkdaşlarını girov götürüb.
Həmin şəxsin üzərində bıçaq, odlu silah maketi və yanıcı maddə olub. O, yanıcı mayeni otağın döşəməsinə tökərək yanğın törətməklə hədələyib.
Polis təxminən üç saat ərzində onunla danışıqlar aparıb. Vəziyyətin daha da təhlükəli xarakter alması və şəxsin uşaqlara qarşı zor tətbiq etməyə başlamasından sonra xüsusi təyinatlılar müdaxilə edib. Əməliyyat zamanı girov götürən şəxs öldürülüb.
13 uşağın hamısı azad edilib. Onlardan beşi tibbi müayinədən keçirilməsi üçün səhiyyə müəssisəsinə aparılıb.
Hadisənin motivləri ilə bağlı araşdırma aparılır.

