Türkiyədə taksi sürücüsü polis təqibi zamanı onu girov götürən şəxsi zərərsizləşdirib. Hadisənin videosunu Daily Mail yayımlayıb.
Hadisə mayın 11-də Türkiyənin Qaziantep şəhərində baş verib. Yerli medianın məlumatına görə, 58 yaşlı taksi sürücüsü Ramazan Yıldırım növbəti sifarişə gedərkən 31 yaşlı Semih S. və onun 36 yaşlı rəfiqəsi avtomobili qaçırmağa cəhd ediblər.
Bundan əvvəl ailə münaqişəsi zamanı doğma qardaşına atəş açdığı ehtimal edilən şəxs pompalı tüfənglə taksiyə minib və artıq hərəkətə başlayan Ramazan Yıldırıma silah tuşlayıb.
Zərərsizləşdirilən şəxs təqib zamanı atəş açıb və polis avtomobillərini hədəfə alıb. Lakin təxminən 80 kilometrdən sonra taksi sürücüsü silahlı sərnişini tərksilah edə bilib.
Video görüntülərində sürücünün arxa oturacağa keçərək silahı tutduğu və onu çölə atdığı görünür. Bu, polisin müdaxiləsinə imkan yaradıb. Mübarizə zamanı taksi sürücüsünün əli xəsarət alıb və ona yeddi tikiş qoyulub.
Ramazan hadisəni belə danışıb:
Silahı iki əlimlə tutdum. Onun polisləri vurmasına imkan vermədim. Silahı yenidən geri çəkəndə bir daha müdaxilə etdim, silahı əlindən aldım və çölə atdım.
Semih saxlanılıb və istintaq müddətində həbs edilib. Yıldırımın avtomobilindəki videoregistrator görüntüləri Türkiyə mediasında geniş yayılıb, taksi sürücüsünün hərəkəti isə qəhrəmanlıq kimi qiymətləndirilib.

