Meksikada sörfinq üçün ölkəyə gələn üç turisti qətlə yetirən şəxslərin hər biri 158 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.
Bu barədə El Imparcial nəşri Aşağı Kaliforniya ştatının prokurorluğuna istinadən məlumat yayıb.
İstintaqın məlumatına görə, Avstraliyadan olan iki qardaş və onların amerikalı dostu 2024-cü ilin aprelin 28-nə keçən gecə Punta-San-Xose ərazisindəki düşərgədə silahlı hücuma məruz qalıblar.

Hücum edən şəxslər turistlərin avtomobilini oğurlamağa çalışıblar. Onlar müqavimətlə qarşılaşdıqdan sonra hər üç turisti qətlə yetiriblər.
Məhkəmə El Kekas ləqəbli Xesus Xerardo N., İrineo N. və Anxel Xesus N.-i ağırlaşdırıcı hallarla qəsdən adam öldürmə, zorakılıqla soyğunçuluq və avtomobili zorla ələ keçirməkdə təqsirli bilib.
Məhkumların hər birinə 158 il 9 ay həbs cəzası verilib. Onların, həmçinin 1,6 milyon peso (86,5 min dollardan çox) məbləğində təzminat ödəmələri qərara alınıb.

