Bakıda 16 yaşlı yeniyetmənin anasının qeyri-rəsmi həyat yoldaşını öldürməsi ilə bağlı məhkəmə prosesi başa çatıb.
DenMedia.az oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda dövlət ittihamçısı çıxış edib. Prokuror təqsirləndirilən Y.Q. üçün 10 il azadlıqdan məhrumetmə cəzası tələb edib.
Məhkəmə kollegiyası müşavirədən sonra hökmü elan edib. Qərara əsasən, 16 yaşlı Y.Q. 9 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, hadisə 2025-ci ilin sentyabrında Bakının Ramana qəsəbəsində baş verib. Hüquq-mühafizə orqanlarına yerli sakin Emil Əliyevin öldürülməsi barədə məlumat daxil olub. Araşdırma zamanı onun bıçaq xəsarəti ilə öldürüldüyü və cinayətin birlikdə yaşadığı qadının 16 yaşlı oğlu tərəfindən törədildiyi müəyyən edilib.
Faktla bağlı Y.Q. barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi başlanılıb və məhkəmə baxışına çıxarılıb.

