Duzlu yeməklərin axşam saatlarında qəbulu yuxunun keyfiyyətinə mənfi təsir göstərə və hətta yuxusuzluğa səbəb ola bilər.
DenMedia.az xəbər verir ki, bu barədə somnoloq (yuxu üzrə mütəxəssis) Ketrin Holl “HuffPost” nəşrinə danışıb.
Onun sözlərinə görə, bu xəbərdarlıq ədviyyatlı yeməklərə də aiddir. Holl bunu bir çox ədviyyatların və xüsusilə çili bibərinin tərkibində olan kapsaisin maddəsi ilə izah edib. Bu maddə bədənin temperaturunun qəfil yüksəlməsinə səbəb olur.
“Bunun üzərinə bir də qidanın həzm olunması üçün bədənin sərf etdiyi enerjini əlavə etsək, görərik ki, orqanizmin rahat yuxuya keçməsi nə qədər çətinləşir,” – deyə həkim bildirib.
Bundan başqa, Holl yüksək tiramin tərkibli məhsullardan da axşamlar uzaq durmağı tövsiyə edib. Bunlara pomidor, badımcan, soya sousu, qırmızı şərab və pendir kimi məhsullar daxildir.
Tiramin adlı bu aminturşu beynin təbii aktivliyini artıraraq insanın yuxuya getməsini çətinləşdirir.