İspaniyada aparılan araşdırma göstərib ki, saqqallı quzğunlar (bearded vulture) yüzilliklər boyu yuvalarını bəzəmək üçün bənzərsiz tarixi əşyalar toplayıblar.DenMedia.az xəbər verir ki, elmi nəticələr Ecology jurnalında dərc olunub.
Alimlər quşların yuvalarından nadir tarixi dəyərlər tapıblar — onlar bu əşyaları tikinti materialı kimi istifadə ediblər. 12 qədim yuvadan götürülmüş 226 tapıntı arasında 650 illik bəzədilmiş qoyun dərisi parçası və XIV əsrə aid ayaqqabı da var.
Zooloqlar bildirirlər ki, bu quşlar əsrlər boyu insan məişətinə aid əşyaları yuvalarına daşıyaraq unikal “təbii muzeylər” yaradıblar. Quru iqlim və Pireney dağlarının qayalı mağaraları sayəsində hətta üzvi materiallar belə mükəmməl vəziyyətdə qalıb.
Tapıntılar arasında həmçinin 2117 ədəd sümük, 86 toynaq və 43 ədəd yumurta qabığı fraqmenti aşkarlanıb. Bu materiallar alimlərə son yüzilliklərdə ekosistemdə baş verən dəyişiklikləri öyrənməyə imkan verəcək.
Tədqiqat müəllifləri qeyd ediblər:
“Güclü yuvanın quruluşu və onun qorunan yerlərdə yerləşməsi bu ‘muzeyləri’ təbii saxlanc yerlərinə çevirib, nəticədə tarixi materiallar əla vəziyyətdə qalıb.”
Alimlər hesab edirlər ki, bu tapıntılar nadir quzğun növünün mühitinin bərpası və qorunması proqramlarına da mühüm töhfə verəcək.