İnsanın qocalma prosesi 25 yaşdan etibarən başlayır. Bu barədə Rusiya Federal Tibbi-Bioloji Agentliyinin (FMBA) rəhbərinin birinci müavini Tatyana Yakovleva Gələcək Texnologiyalar Forumunda çıxışı zamanı bildirib. Məlumatı RİA Novosti yayıb.
Onun sözlərinə görə, bioloji baxımdan qocalma məhz 25 yaşdan start götürür – istəsək də, istəməsək də proses başlayır.
Yakovleva qeyd edib ki, qocalmanın əlamətləri ilə bağlı müxtəlif nəzəriyyələr mövcuddur. Bunlara maddələr mübadiləsinin pozulması, sarkopeniya (əzələ kütləsinin azalması) və “zombi hüceyrələr”in yaranması daxildir. “Zombi hüceyrələr” – bölünmə qabiliyyətini itirmiş, lakin orqanizmdə qalaraq iltihabi prosesləri gücləndirən hüceyrələrdir.
Bundan əvvəl isə alimlər qadınlarda narahatlıq və sürətlənmiş qocalma arasında əlaqə aşkar ediblər. Nyu-York Universitetinin Qlobal İctimai Sağlamlıq Məktəbindən Mariana Rodriqesin rəhbərlik etdiyi tədqiqat qrupu 726 qadının məlumatlarını təhlil edərək müəyyən edib ki, sağlamlığın pisləşməsi ilə bağlı güclü narahatlıq keçirən qadınlarda hüceyrə səviyyəsində qocalma daha sürətli gedir.
Araşdırmaya görə, xəstəlik və fiziki zəifləmə qorxusu hüceyrələrin bioloji yaşının artmasını sürətləndirir. Maraqlıdır ki, zahiri görünüş və reproduktiv yaşla bağlı narahatlıqlar sürətlənmiş qocalma ilə statistik baxımdan əlaqəli olmayıb.

