Londonun King’s College London universitetinin alimləri müəyyən ediblər ki, tünd şokoladın müntəzəm qəbulu bioloji qocalma proseslərinin ləngiməsi ilə əlaqəli ola bilər. Bu təsirdə əsas rolu kakao paxlalarında olan təbii alkaloid — teobromin oynayır.
Aging elmi jurnalında dərc olunan araşdırmaya görə, qanda teobromin səviyyəsi yüksək olan insanlarda bioloji yaş orta hesabla pasport yaşından daha aşağı olub. Tədqiqat çərçivəsində alimlər 1,6 mindən çox iştirakçının qan nümunələrini analiz ediblər. Onlar teobromin və kofeinin metabolitlərinin konsentrasiyasını, həmçinin qocalmanın iki epigenetik göstəricisini — ümumi “epigenetik yaş”ı və telomerlərin vəziyyətini araşdırıblar.
Məlum olub ki, kofein və kakao ilə qəhvəyə xas olan digər maddələr qocalmanın ləngiməsi ilə oxşar əlaqə göstərmir. Araşdırma tünd şokoladın əsas komponenti ilə daha yavaş bioloji qocalma arasında əlaqə aşkarlasa da, alimlər vurğulayıblar ki, bu nəticələr şokolad istehlakının artırılması üçün birbaşa çağırış kimi qəbul edilməməlidir. Qəti tövsiyələr üçün əlavə klinik sınaqlara ehtiyac var.

