Son iki onillikdə dünyada autizm diaqnozu qoyulan şəxslərin sayı sürətlə artır. Təkcə genetika bu kəskin artımı izah edə bilmədiyi üçün alimlər ətraf mühit amillərinin təsirini fəal şəkildə araşdırırlar. Əvvəllər əsas diqqət hamilə qadının həyat tərzinə yönəlirdisə, indi araşdırmalar daha çox onun hansı peşə ilə məşğul olduğuna fokuslanır.
Gələcək uşaqlar üçün gizli risklərin qadının peşəsi ilə necə əlaqəli ola biləcəyi barədə Earth.com Danimarkada aparılmış unikal tədqiqatın nəticələrinə istinadən yazır.
Gələcək analar üçün ən riskli peşələr
Əvvəlki araşdırmalardan fərqli olaraq, bu tədqiqat sorğulara və insan yaddaşına əsaslanmayıb. Alimlər Danimarkanın detallı milli reyestrlərindən istifadə ediblər. Onlar autizm diaqnozu qoyulmuş 1702 uşağın məlumatlarını təhlil edib və bu göstəriciləri həmin diaqnozu olmayan 108 mindən çox uşaqdan ibarət qrupla müqayisə ediblər.
Tədqiqatçılar anaların iş yerlərini dörd fərqli dövr üzrə izləyiblər: həyatlarının istənilən mərhələsində, hamiləlikdən bir il əvvəl, hamiləlik dövründə və uşağın doğulmasından qısa müddət sonra.
Ətraflı təhlildən sonra alimlər autizm riskinin artması ilə daha çox əlaqələndirilən üç peşə kateqoriyasını müəyyən ediblər:
Hərbi sahə və müdafiə sektoru — risk 59 faiz daha yüksək olub. Diqqətçəkən məqam odur ki, bu əlaqə qadının həmin sahədə hamiləlikdən illər əvvəl çalışdığı hallarda belə müşahidə edilib.
Quru nəqliyyatı sahəsi — riskin 24 faiz artması ilə əlaqələndirilib.
Dövlət idarəçiliyi, xüsusilə məhkəmə sistemindəki vəzifələr — riskin 20 faiz artması ilə bağlı göstərilib.

