İnsanlar partnyorlarını psixoloji diaqnoza görə seçə bilirlər — bunu aparılan araşdırma göstərib. Bu barədə Psy Post yazır.
Alimlər Tayvan, Danimarka və İsveçdə altı milyondan çox evli cütlüyə aid milli tibbi sığorta məlumatlarını təhlil ediblər. Ümumilikdə seçməyə beş milyondan artıq cütlük daxil edilib. Tədqiqat doqquz psixi pozuntunu əhatə edib: depressiya, təşviş pozuntusu, bipolyar pozuntu, DEHB, autizm, qida pozuntuları, obsesiv-kompulsiv pozuntu, şizofreniya və psixoaktiv maddələrə asılılıq.
Nəticələr göstərib ki, psixi diaqnozu olan şəxslərin, eyni və ya oxşar diaqnozu olan partnyorla evlənmə ehtimalı daha yüksəkdir. Bununla belə, tədqiqatçılar vurğulayırlar ki, araşdırma müşahidə xarakterlidir və bu meylin səbəblərini izah etmir.
Məhdudiyyətlər arasında diaqnozun münasibətdən əvvəlmi, yoxsa sonra mı qoyulduğuna dair məlumatın olmaması qeyd edilir. Bu isə o deməkdir ki, diaqnozların üst-üstə düşməsi həmişə şüurlu partnyor seçimi ilə bağlı deyil. Bundan əlavə, ümumi həkim amili də statistikaya təsir göstərə bilər: əgər ər-arvad eyni mütəxəssisə müraciət edirsə, oxşar diaqnozların qoyulma ehtimalı artır.
Buna baxmayaraq, psixoloqlar bir neçə mümkün izah irəli sürürlər. Assortativ cütləşmə nəzəriyyəsinə görə, insanlar özlərinə xarakter baxımından oxşar şəxslərə meyl edirlər və bu oxşarlıqlar psixi pozuntularla bağlı xüsusiyyətləri də əhatə edə bilər. Bağlanma nəzəriyyəsi ortaq emosional nümunələrin cazibəsini, sosial identiklik nəzəriyyəsi isə eyni qrupa mənsub olmağın — bu halda eyni diaqnoza sahib olmağın — anlaşma və dəstək hissini gücləndirdiyini izah edir.
Araşdırma müəllifləri bildirirlər ki, diaqnozların uyğunluğu münasibətlərin keyfiyyəti və ya davamlılığı barədə nəticə çıxarmağa imkan vermir. Lakin ortaq təcrübənin empatiya və qarşılıqlı anlaşmanı gücləndirə biləcəyi qeyd olunur ki, bu da cütlüklərin dinamikasında mühüm rol oynayır.

