Axşam və gecə saatlarında içilən qəhvə yalnız yuxunu pozmaqla kifayətlənməyə bilər. Yeni araşdırmaya görə, kofein gecə saatlarında davranışa nəzarəti zəiflədə, impulsivliyi və riskli qərarlara meyli artıra bilər.
Tədqiqatın nəticələri göstərib ki, gecə qəbul edilən kofein xüsusilə dişi fərdlərdə davranış nəzarətinə daha güclü təsir göstərə bilər.
Alimlər eksperimentlər zamanı gecə kofein qəbul edən milçəklərin hərəkətlərinə daha zəif nəzarət etdiyini və daha impulsiv davrandığını müşahidə ediblər. Onlar əlverişsiz şəraitdə belə daha xaotik və təhlükəli uçuşlar ediblər.
Tədqiqatçıların diqqətini ən çox dişi milçəklərin reaksiyası çəkib. Eyni dozada kofein qəbul etmələrinə baxmayaraq, onların davranışı erkəklərlə müqayisədə daha riskli olub. Alimlər bunun səbəbinin hormonlardan çox, orqanizmin genetik və ya fizioloji xüsusiyyətləri ilə bağlı ola biləcəyini ehtimal edirlər.

Ekspertlərin fikrincə, bu nəticələr insanların gec saatlarda qəhvə içdikdən sonra niyə daha emosional, impulsiv və düşünülməmiş qərarlara meyilli ola bildiyini qismən izah edə bilər.
Bununla belə, qəhvə ilə bağlı araşdırmalar ziddiyyətli nəticələr də göstərir. Bəzi tədqiqatlarda qəhvə istifadəsi ilə müəyyən xərçəng növlərinin daha aşağı riski arasında əlaqə aşkar edilib. Lakin mütəxəssislər vurğulayırlar ki, bu cür nəticələr səbəb-nəticə əlaqəsini tam sübut etmir.
Bristol Universitetində kofeinin davranış, əhval, ayıqlıq və diqqətə təsirini araşdıran Piter Rocers bildirib ki, qəhvə içən insanlar ümumilikdə daha sağlam həyat tərzinə malik ola bilər və nəticələr buna görə fərqli görünə bilər.
İngiltərənin Bat Universitetində aparılan kiçik araşdırmada isə qəhvənin parçalanmış gecə yuxusundan sonra səhər yeməyinə orqanizmin reaksiyasına təsiri öyrənilib. Nəticələr göstərib ki, əvvəlcə qəhvə içən, daha sonra səhər yeməyində şirin içki qəbul edən iştirakçılarda qan şəkəri səviyyəsi qəhvə içməyənlərlə müqayisədə 50 faiz daha çox yüksəlib.

Mütəxəssislər bildirirlər ki, belə risklərin ciddi problemə çevrilməsi üçün bu vərdişin uzun müddət və davamlı şəkildə təkrarlanması lazımdır. Buna görə də gec saatlarda qəhvə içən insanların yuxu, emosional vəziyyət və qərarvermə davranışlarına diqqət etməsi tövsiyə olunur.

