Bakıda keçiriləcək Alufar IRONMAN 70.3 Baku beynəlxalq yarışları ilə əlaqədar sentyabrın 4 və 5-də bir sıra küçə və prospektlərdə nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.
Bu barədə “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti məlumat yayıb.
Məlumata görə, məhdudiyyətlər sentyabrın 4-də saat 21:00-dan mərhələli şəkildə tətbiq olunmağa başlayacaq və sentyabrın 5-də saat 16:00-dək davam edəcək.
Bakı–Ələt–Qazax–Gürcüstan dövlət sərhədi avtomobil yolunun (M2) 25-ci kilometrində, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun yaxınlığındakı yol qovşağından etibarən qarşı istiqamətdə hərəkət üçün bir zolaq ayrılacaq.
Lökbatan dairəsi istiqamətində isə bir hərəkət zolağı adi nəqliyyat vasitələri üçün açıq qalacaq.
Bakı–Ələt yolunda (M3) isə 14-cü kilometrdən şəhər mərkəzi istiqamətində “Sheraton Baku Intourist” hotelinin qarşısındakı dairəyədək hərəkət məhdudlaşdırılacaq. Sürücülərə alternativ olaraq Lökbatan–Bayıl istiqamətindən istifadə etmək tövsiyə olunur.
Hazırlıq işləri ilə əlaqədar məhdudiyyətlər sentyabrın 4-də saat 21:00-dan sentyabrın 5-də saat 04:59-dək, əsas məhdudiyyət mərhələsi isə 05:00-dan 14:30-dək qüvvədə olacaq.
Yarış başa çatdıqdan sonra təmizlik və bərpa işləri səbəbindən məhdudiyyətlər saat 16:00-dək saxlanılacaq.
Sürücülərdən marşrutlarını əvvəlcədən planlaşdırmaları, mümkün tıxacları nəzərə almaları və alternativ yollardan istifadə etmələri xahiş olunur.
Sentyabrın 5-də keçiriləcək Alufar IRONMAN 70.3 Baku yarışında 62 ölkədən 1500-dən çox idmançının iştirak edəcəyi gözlənilir.
Denmedia.az

