Sentyabrın 5-də Bakıda Azərbaycan idmanı tarixində ilk dəfə ALUFAR IRONMAN 70.3 BAKU triatlon yarışı keçiriləcək.
Baku City Circuit Əməliyyat Şirkətindən verilən məlumata görə, yarış Gənclər və İdman Nazirliyi, Triatlon Federasiyası və Baku City Circuit-in dəstəyi ilə təşkil olunur.
Yarışda 62 ölkədən 1500 idmançının iştirakı gözlənilir.
İştirakçılar əvvəlcə Xəzər dənizində 1,9 kilometr üzəcək, daha sonra Bakı üzrə 90,1 kilometrlik velosiped mərhələsini, sonda isə Bakı Bulvarı boyunca 21,1 kilometrlik qaçış məsafəsini qət edəcəklər.
Finiş xətti “Yeddi gözəl” fəvvarəsinin yaxınlığında yerləşəcək.
Kişilər və qadınlar arasında ilk 25 yeri tutan idmançılar 2027-ci ildə ABŞ-da keçiriləcək IRONMAN 70.3 dünya çempionatına vəsiqə qazanacaqlar.
IRONMAN həftəsi çərçivəsində sentyabrın 4-də uşaqlar üçün IRONKIDS və böyüklər üçün Fun Run yarışları da keçiriləcək.
İlk IRONMAN yarışı 1978-ci ildə Havay adalarında təşkil olunub.

