Azərbaycanda hərbi qulluqçuların pensiyalarının hesablanması qaydası dəyişdirilir. Yeni sistemə əsasən, pensiya məbləği fərdi hesabda toplanmış pensiya kapitalına uyğun müəyyən ediləcək və hərbçilərə rütbələrinə görə sabit aylıq əlavə ödəniləcək.
Bu, Milli Məclisin bugünkü iclasında üçüncü oxunuşda qəbul edilən “Əmək pensiyaları haqqında” qanuna dəyişiklikdə əksini tapıb.
Hazırda qüvvədə olan qanunvericiliyə əsasən, hərbi qulluqçuların pensiyaları onların sonuncu təminat xərcliyi əsasında hesablanır.
Yeni qaydaya əsasən, pensiya məbləğinin təminat xərcliyindən asılılığı aradan qaldırılacaq. Pensiya hərbi qulluqçunun fərdi şəxsi hesabında qeydə alınmış pensiya kapitalı əsasında ümumi qaydada hesablanaraq ödəniləcək.
Eyni zamanda, hərbçilərə mövcud qanunvericilikdə nəzərdə tutulan qulluq stajına görə pensiya əlavəsinin əvəzinə sabit məbləğdə aylıq əlavə təyin olunacaq. Bu əlavənin məbləği hərbi rütbələrə uyğun müəyyən ediləcək.
Qanun layihəsində qeyd olunub ki, hazırkı sistemdə pensiyaların təminat xərcliyinə bağlı olması pul təminatı artırıldıqda toplanmış pensiya kapitalına uyğun olmayan pensiya məbləğlərinin formalaşmasına səbəb olur. Bu isə hərbi qulluqçuların xidmətdə daha uzun müddət qalmasından çox, pensiyaya çıxmasını stimullaşdırır.
Yeni islahatın əsas məqsədlərindən biri hərbçilərin xidmət müddətini uzatmağa marağını artırmaqdır. Belə ki, hərbi qulluqçuların xidmət müddəti artdıqca vəzifə və rütbələrinin, buna uyğun olaraq əməkhaqlarının və pensiya kapitallarının yüksəlməsi nəzərdə tutulur. Bu da gələcəkdə daha yüksək pensiya almalarına imkan yarada bilər.
Dəyişikliklərin pensiya təyinatı prosesini sadələşdirəcəyi də bildirilir. Yeni sistem hərbi qulluqçuların pensiyalarının elektron qaydada, heç bir quruma getmədən və qısa müddətdə təyin edilməsinə şərait yaradacaq.
Qanun layihəsi Milli Məclisdə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

