Rəsmi statistikaya əsasən, 2026-cı ilin birinci yarısında Azərbaycanda orta pensiya ötən ilin eyni dövrü ilə müqayisədə 10,5 faiz artaraq 594 manata çatıb. Bu göstərici orta aylıq əməkhaqqının 51 faizini təşkil edir.
Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
Deputat bildirib ki, qeyd olunan dövrdə orta yaşa görə pensiya 10,2 faiz, əlilliyə görə pensiya 10,5 faiz, ailə başçısını itirməyə görə pensiya isə 10,3 faiz artıb.
Vüqar Bayramovun sözlərinə görə, orta pensiya məbləğindəki artım daha çox bu ilin yanvarından bütün növ əmək pensiyalarının indeksləşdirilməsi ilə bağlıdır.
2026-cı ilin əvvəlindən Azərbaycanda pensiyalar 9,3 faiz indeksləşdirilib. Bu da orta pensiya məbləğinə təsir göstərib.
“Əmək pensiyaları haqqında” Qanuna əsasən, bütün növ əmək pensiyalarının növbəti indeksləşdirilməsi gələn ilin yanvarında həyata keçiriləcək. Pensiyalar 2026-cı ildə orta aylıq əməkhaqqının artımının rəsmi göstəricisinə uyğun olaraq artırılacaq.
Deputat əlavə edib ki, pensiya artımı 1 milyon 100 min vətəndaşı əhatə edir.
Denmedia.az

