Havaların tədricən soyuması və bağçalarda tədris prosesinin başlaması uşaqların qapalı və kollektiv mühitdə daha çox təmasda olmasına səbəb olur ki, bu da mövsümi respirator infeksiyaların yayılması üçün şərait yarada bilər.
Denmedia.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.
Bildirilib ki, bu, ilin həmin dövrü üçün xarakterik olan adi haldır və müvafiq gigiyena qaydalarına əməl etməklə riskləri azaltmaq mümkündür.
Valideynlərə uşaqların yaşına uyğun immunizasiyasının vaxtında aparılmasına, düzgün qidalanmasına, yuxu rejiminə və şəxsi gigiyena qaydalarına diqqət yetirmək tövsiyə olunur.
Uşaqda qızdırma, öskürək, səpgi, qusma və ya ishal kimi əlamətlər müşahidə edilərsə, onun tam sağalana qədər bağçaya aparılmaması və zərurət olduqda həkimə müraciət edilməsi məqsədəuyğun hesab olunur.
Qeyd edilib ki, bağçalarda otaqların mütəmadi havalandırılması, təmizlik və şəxsi gigiyena qaydalarına riayət edilməsi, həmçinin xəstəlik əlamətləri olan uşaqların vaxtında müəyyənləşdirilməsi infeksiyaların yayılma riskini azaltmağa kömək edir.

