ABŞ Prezidenti Donald Trump ötən ilin avqustunda imzalanmış sülh sazişinə əməl olunmasına görə Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistanın baş naziri Nikol Paşinyana təşəkkür edib.
Müvafiq paylaşım Ağ Evin rəhbərinin Truth Social hesabında dərc olunub.
Trampın sözlərinə görə, baş vermiş müharibə “dəhşətli” olub və onun sona çatdırdığı səkkiz müharibədən biri sayılır. O bildirib ki, hazırda region sülh və rifah mərhələsinə daxil olur. ABŞ Prezidentinin sözlərinə əsasən, fevral ayında ABŞ-ın vitse-prezidenti J.D. Vance sülh səylərinin davam etdirilməsi və beynəlxalq sülh və rifaha aparan “Tramp Marşrutu”nun təşviqi məqsədilə Azərbaycan və Ermənistana səfər edəcək.
ABŞ Prezidenti həmçinin Azərbaycanla strateji tərəfdaşlığın gücləndirilməsi, Ermənistanla nüvə sahəsində dinc əməkdaşlıq üzrə sazişin bağlanması, eləcə də amerikalı yarımkeçirici istehsalçıların maraqlarına uyğun razılaşmaların əldə edilməsi niyyətini açıqlayıb.
Bundan əlavə, Tramp ABŞ-ın Azərbaycana Amerika istehsalı olan müdafiə avadanlıqları — o cümlədən bronjeletlər, katerlər və digər məhsullar satmağı planlaşdırdığını bildirib.

