Bu gün Azərbaycanda 28 May – Müstəqillik Günü qeyd olunur. Şərqdə ilk demokratik respublika kimi tarixə düşən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 108 il ötür.
Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il mayın 28-də Tiflisdə, Qafqaz canişininin binasında elan edilib. Həmin gün Məhəmməd Əmin Rəsulzadənin rəhbərlik etdiyi Azərbaycan Milli Şurası İstiqlal Bəyannaməsini qəbul edərək Azərbaycan xalqının müstəqil dövlət qurmaq iradəsini dünyaya bəyan edib.
İstiqlal Bəyannaməsində Azərbaycanın müstəqil dövlət kimi formalaşması, bütün vətəndaşların hüquq bərabərliyi, demokratik idarəetmə prinsipləri və digər dövlətlərlə sülh münasibətləri əsas xətt kimi müəyyənləşdirilib.
Müstəqilliyin elan edildiyi vaxt Məhəmməd Əmin Rəsulzadə Batumidə Osmanlı İmperiyası ilə danışıqlarda iştirak etdiyindən iclasa Azərbaycan Milli Şurasının sədr müavini Həsən bəy Ağayev rəhbərlik edib. Həmin iclasda Fətəli xan Xoyskinin başçılığı ilə ilk müvəqqəti hökumətin tərkibi təsdiqlənib.
Yeni hökumətin tərkibinə Fətəli xan Xoyski Nazirlər Şurasının sədri və daxili işlər naziri, Xosrov Paşa bəy Sultanov hərbi nazir, Məmmədhəsən Hacınski xarici işlər naziri, Nəsib bəy Yusifbəyli isə maliyyə və xalq maarifi naziri kimi daxil olub.
Cümhuriyyət elan ediləndə Bakı bolşevik-daşnak qüvvələrinin nəzarətində idi. Buna görə də AXC hökuməti ilk mərhələdə fəaliyyətini Gəncədə davam etdirib. 1918-ci il sentyabrın 15-də Bakı azad edildikdən sonra dövlət idarəçiliyi paytaxta köçürülüb.
1918-ci ilin dekabrında Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin binasında Azərbaycan parlamentinin açılışı keçirilib. Parlamentə Əlimərdan bəy Topçubaşov sədrlik edib, Həsən bəy Ağayev isə onun müavini olub.
AXC dövründə parlament 155 iclas keçirib, 270-dən çox qanun layihəsi müzakirəyə çıxarılıb və onların böyük hissəsi qəbul edilib. Qadınlara seçki hüququnun verilməsi, demokratik institutların qurulması və müasir dövlət idarəçiliyinin əsaslarının yaradılması həmin dövrün ən mühüm tarixi nailiyyətləri sırasında yer alıb.
Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik tarixində silinməz iz buraxıb. 1920-ci il aprelin 28-də sovet qoşunlarının müdaxiləsi nəticəsində respublika süqut etsə də, onun yaratdığı müstəqillik ideyası sonrakı nəsillər üçün siyasi və mənəvi mirasa çevrilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı qanuna əsasən, 28 May artıq Respublika Günü deyil, Müstəqillik Günü kimi qeyd olunur.

