Bakı və Bratislava iki ölkənin hüquq-mühafizə orqanları arasında əməkdaşlığın inkişafına yönələn qarşılıqlı anlaşma memorandumu imzalayıb.
Bu barədə Azərbaycan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Sənəd Şuşada Azərbaycanın daxili işlər naziri Vilayət Eyvazov və onun slovakiyalı həmkarı Matuş Şutay-Eştok tərəfindən imzalanıb.
Görüş zamanı tərəflər iki ölkənin hüquq-mühafizə orqanları arasında mövcud əməkdaşlığı və onun inkişaf perspektivlərini müzakirə ediblər.
Vilayət Eyvazov Slovakiya nümayəndə heyətinə Azərbaycan DİN-in fəaliyyətinin əsas istiqamətləri barədə məlumat verib, həmçinin ölkədəki kriminogen vəziyyət haqqında danışıb.
Tərəflər transsərhəd mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin və silahların qanunsuz dövriyyəsi, insan alveri, qeyri-qanuni miqrasiya və kibercinayətkarlıqla mübarizəyə xüsusi diqqət ayırıblar.

