Son illərdə Xəzər dənizinin səviyyəsi əhəmiyyətli dərəcədə aşağı düşüb və sahil xəttindəki dəyişikliklər xüsusilə Bakıda aydın müşahidə olunur.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin (CW4) açılış mərasimində bildirib.
Nazirin sözlərinə görə, iqlim dəyişikliyinin nəticələrini artıq uzaq gələcəyin təhlükəsi kimi qiymətləndirmək mümkün deyil. O, bunun ən aydın nümunələrindən biri kimi Xəzər dənizini göstərib.
Ceyhun Bayramov bildirib ki, bu gün Bakı bulvarı boyunca müşahidə edilən sahil xətti cəmi bir neçə onillik əvvəlki vəziyyətdən nəzərəçarpacaq dərəcədə fərqlənir.
Nazir, həmçinin iqlim dəyişikliklərinin iqtisadiyyata və dövlət maliyyəsinə təzyiqi artırdığını vurğulayıb. Onun sözlərinə görə, bu şəraitdə iqtisadiyyatın şaxələndirilməsi və enerji dayanıqlılığının təmin olunması milli təhlükəsizlik baxımından daha böyük əhəmiyyət daşıyır.

