Bu gün Zəngilan şəhərinin işğaldan azad edilməsindən 6 il ötür.
2020-ci il oktyabrın 20-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəngilan şəhərinin və rayonun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan və Muğanlı kəndlərinin işğaldan azad olunduğunu elan edib.
Zəngilanın azad edilməsi 44 günlük Vətən müharibəsində Araz çayı boyunca cənub istiqamətində aparılan hərbi əməliyyatların mühüm mərhələlərindən biri olub. Döyüşlərdə göstərdikləri igidlik və şücaətə görə Azərbaycan hərbçiləri “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif ediliblər.
İşğaldan azad edildikdən sonra rayonda genişmiqyaslı minatəmizləmə, bərpa və quruculuq işlərinə başlanılıb. Əsas istiqamətlərdən biri keçmiş məcburi köçkünlərin doğma yurdlarına qaytarılması olub.
2022-ci ilin iyulunda ilk ailələr “ağıllı kənd” konsepsiyası əsasında yenidən qurulan Ağalı kəndinə köçürülüblər. Bununla da Zəngilana Böyük Qayıdışın ilk mərhələsi başlayıb.
Rayonun inkişafında mühüm hadisələrdən biri də 2022-ci il oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılışı olub. Hava limanı Şərqi Zəngəzur iqtisadi rayonunda ilk, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində isə ikinci beynəlxalq hava limanı kimi fəaliyyətə başlayıb.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamına əsasən, 20 oktyabr Zəngilan Şəhəri Günü elan edilib.
Xatırladaq ki, Zəngilan rayonu 1993-cü il oktyabrın 30-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İşğaldan əvvəl rayonun əhalisi təxminən 39 min nəfər təşkil edib. Ərazisi 707 kvadratkilometr olan rayonda bir şəhər, beş qəsəbə və 79 kənd yerləşib.
İşğal illərində yaşayış məntəqələri dağıdılıb, infrastruktur sıradan çıxarılıb, evlərə, tarixi abidələrə, bağlara və meşələrə ciddi ziyan vurulub.
Araz, Oxçuçay, Həkəri və Bəsitçay çaylarının keçdiyi Zəngilan rayonu qızıl, tikinti materialları və digər faydalı qazıntılarla da zəngindir.
Bu gün Zəngilanda infrastrukturun bərpası və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı istiqamətində işlər davam etdirilir.

