Aktrisa Ancelina Coli Ukrayna hakimiyyətinə səfər planları barədə öncədən məlumat vermədən ölkə ərazisinə piyada daxil olub. Bu barədə Politico nəşri Ukrayna hökumətindəki yüksək vəzifəli mənbəyə istinadən xəbər yayıb.
Mənbənin məlumatına görə, sərhəd nəzarət məntəqələrindən birində aktrisanın müşayiətçilərindən biri gözlənilmədən orduya çağırılıb. Ukrayna hakimiyyəti hazırda hadisənin təfərrüatlarını araşdırır.
Politico yazır ki, sərhəddəki qalmaqaldan az sonra Ukrayna rəsmiləri Colinin sürücüsünün saxlanıldığını bildirsələr də, bu açıqlama sonradan silinib. Mənbə bu məlumatı nə təsdiqləyib, nə də təkzib edib.
“Nikolayevdəki regional hərbi komissarlıq Politico-ya təsdiqləyib ki, Colinin sürücüsü hərbi ehtiyatda olub və ona yenidən hazırlıq keçmək barədə göstəriş verilib,” — qeyd olunur məqalədə.
Bu, Colinin Ukraynaya ikinci səfəridir. Aktrisa 2022-ci ildə də Lvov şəhərində olmuşdu. O zaman Coli, BMT Qaçqınlar üzrə Ali Komissarlığının səfiri kimi, humanitar missiya çərçivəsində ölkəyə gəlmişdi.
DenMedia.az

