Amerikalı aktrisa Emi Şumer bildirib ki, 22 kiloqram çəki itirmək onun üçün “gözəl görünmək” yox, sağ qalmaq məsələsi olub. 44 yaşlı ulduz Instagram-da sağlamlıq vəziyyəti ilə bağlı ətraflı açıqlama verib.
O deyib ki, heç vaxt botoks və ya filler etdirməyib, həmçinin mətbuatda yazıldığı kimi 13 kilo yox, bütünlükdə 22 kilo arıqladığını vurğulayıb.
“Bunu cazibədar görünmək üçün etmədim, baxmayaraq ki, əyləncəlidir və müvəqqətidir. Mən bunu yaşamaq üçün etdim. Üzümün çox şişməsinə və ölümcül nəticəyə səbəb ola biləcək bir xəstəliyim var idi,” — deyə Şumer yazıb və bununla Kușinq sindromuna işarə edib.
Kușinq sindromu — bədəndə stress hormonu olan kortizolun həddindən artıq ifrazı ilə əlaqəli xəstəlikdir. Şumerin sözlərinə görə, bu diaqnozu ona həkim yox, Instagram-da onu izləyən diqqətli bir şərhçi xatırladıb. Xəstəlik üzün dairələşməsinə əlavə olaraq yüksək qan təzyiqi, çəki artımı və dəri dartılmaları kimi simptomlar yarada bilər.

“Mənim arıqlamağım sizdə hansısa emosiyalar doğurursa, üzr istəyirəm. Sizi məyus edən hər kəsdən də üzr istəyirəm,” — deyə aktrisa əlavə edib.
Şumer indi ağrı çəkmədiyini, həyat keyfiyyətinin yaxşılaşdığını və oğluyla qaçqaç oynaya bildiyini bildirib.

