Hollivud aktyoru Entoni Hopkins alkoqoldan tam imtinasının 50 illiyini qeyd edib. 87 yaşlı sənətçi bu barədə Instagram hesabında paylaşım edib.
Aktyor müraciətində izləyicilərini bayramlar münasibətilə təbrik edib, xoş vaxt keçirməyi arzulayıb və spirtli içkilərdən sui-istifadə etməməyə çağırıb. O vurğulayıb ki, bir vaxtlar sərxoş vəziyyətdə sükan arxasına keçməsi az qala həyatına son qoyacaqdı.
“O an anladım ki, həddindən artıq əylənirəm. Bunun adı alkoqolizm idi”, — deyə Hopkins bildirib.
“Oskar” mükafatlı aktyor pərəstişkarlarına alkoqolla münasibətlərini yenidən gözdən keçirməyi və problem varsa, kömək istəməkdən çəkinməməyi tövsiyə edib.
“Həyatı seçin. Həyatı və bir daha həyatı. İki günə 88 yaşım olacaq. Görünür, düzgün seçim etmişəm. Yeni iliniz mübarək və xoşbəxt həyat arzulayıram”, — deyə o əlavə edib.
Məlumata görə, Entoni Hopkins spirtli içkidən 1975-ci il dekabrın 29-da imtina edib. Buna səbəb sərxoş vəziyyətdə avtomobil idarə edərkən bir ştatdan digərinə getməsi və sonradan ayılanda baş verə biləcək faciəni dərk etməsi olub. Aktyor bildirib ki, həmin an valideynlərinin reaksiyasını və başqasına zərər verə biləcəyini düşünərək bu vərdişdən birdəfəlik uzaqlaşıb.

