Məşhur komediyaçı Hasan Can Kaya son günlər aparılan narkotiklərlə bağlı istintaq çərçivəsində saxlanıldıqdan sonra məhkəmənin nəzarət tədbiri ilə azadlığa buraxılmışdı. Kaya baş verənlərlə bağlı ilk açıqlamasını ictimaiyyətlə paylaşıb.
İstanbul, Ankara, Muğla və Yalovada eyni vaxtda keçirilən genişmiqyaslı narkotik istintaqı çərçivəsində Hasan Can Kaya da daxil olmaqla bir sıra tanınmış şəxslər saxlanılmışdı.
İstintaq çərçivəsində Yusuf Aktaş (Reynmen), Emirhan Çakal, Mazlum Aktürk və Mert Eren Bülbül də daxil olmaqla ümumilikdə 11 nəfər tibbi müayinədən sonra Ədli Tibb Qurumuna göndərilmiş və prosedurlar tamamlanmışdı.
Aparılan araşdırmalar nəticəsində isə 9 nəfər barəsində ölkə xaricində olduqları əsas gətirilərək axtarış qərarı çıxarılmışdı.
Azadlığa buraxıldıqdan sonra sosial şəbəkə hesabında açıqlama verən Hasan Can Kaya ona dəstək olan hər kəsə təşəkkür edib, ömrü boyu heç bir qadağan olunmuş maddə istifadə etmədiyini və bu cür mühitlərdə olmadığını bildirib.
O, Ədli Tibb müayinəsinin nəticələrinin mənfi çıxacağına və bunun onun günahsızlığını sübut edəcəyinə inandığını qeyd edib.
Kaya həmçinin yaşadığı evdə aparılan axtarışlar zamanı hər hansı cinayət tərkibli fakt aşkar edilmədiyini vurğulayıb və prosesin tam şəkildə hüquqi çərçivədə, aidiyyəti qurumlarla əməkdaşlıq şəraitində davam etdiyini bildirib.
İctimaiyyətə müraciət edən məşhur komediyaçı, reallığa uyğun olmayan və təsdiqlənməmiş paylaşımlara etibar edilməməsini, rəsmi açıqlamalardan kənar şərhlərin nəzərə alınmamasını xahiş edib və sözlərini “Sizi çox sevirəm” ifadəsi ilə tamamlayıb.


