Məşhur aktyor Kıvanç Tatlıtuğ, ötən ilin avqustunda Marmara dənizində müəmmalı şəkildə həyatını itirən yaxın dostu Halit Yukayın işi üzrə məhkəmədə şahid qismində ifadə verəcək. Tatlıtuğ bu gün keçiriləcək proses üçün Balıkesirin Erdek rayonundakı məhkəmə binasına gəlib.
Xatırladaq ki, “Mazu Yachts” şirkətinin sahibi olan iş adamı Halit Yukay 4 avqust tarixində Yalovadan “Graywolf” adlı yaxtası ilə Bozcaadaya doğru yola çıxmışdı. Marmara dənizində hərəkət etdiyi vaxt ondan xəbər kəsilmiş, günlərlə aparılan axtarışlardan sonra cəsədi dənizin dərinliklərində tapılmışdı.

İstintaq zamanı eyni marşrut üzrə hərəkət edən “Arel-7” yük gəmisinin kapitanı Cemal T. saxlanılmış, daha sonra həbs edilsə də, etirazdan sonra azadlığa buraxılmışdı.

İddiaya görə, hadisə baş verən günlərdə Yukayın Kıvanç Tatlıtuğ ilə əlaqə saxlaması məhkəmə heyətinin aktyorun dinlənilməsi barədə qərar verməsinə səbəb olub. Tatlıtuğ hakim qarşısında bildiklərini açıqlayacaq.

