Yeşilçamın usta aktyoru Kadir İnanırın səhhəti ilə bağlı günlər sonra sevindirici xəbər gəlib.
Mayın 14-də halı pisləşərək xəstəxanaya yerləşdirilən və sətəlcəm diaqnozu qoyulan 77 yaşlı sənətçinin reanimasiyada müalicəsi davam edir.

Bir neçə gün əvvəl vəziyyəti ağırlaşdığı üçün entubasiya edilən Kadir İnanırın səhhəti barədə həyat yoldaşı Jülide Kural açıqlama verib.
Hürriyetə danışan Kural bildirib ki, sənətçinin infeksiya göstəricilərində ilk günlərlə müqayisədə azalma müşahidə olunur.
“Kadirin infeksiya göstəriciləri ilk günlə müqayisədə daha yaxşıdır. Geriləmə var, amma müsbət danışmaq üçün hələ çox erkəndir”, — deyə Jülide Kural bildirib.
Digər tərəfdən, Kadir İnanırın ağciyərindəki şiş səbəbindən sətəlcəmi daha ağır keçirdiyi məlum olub. Jülide Kural sənətçinin 2012-ci ildə şişlə bağlı müalicə aldığını və sonrakı dövrdə müayinələrinin davam etdiyini deyib.

Ətraflı müayinələr zamanı ağciyərdəki ləkənin yenidən böyüdüyü aşkarlanıb. Buna baxmayaraq, hazırda əməliyyat planlaşdırılmır.
Kural daha əvvəl verdiyi açıqlamada İnanırın reanimasiyadan çıxmaq istədiyini bildirmişdi.
“Məni buradan çıxarın” deyir. Kadir belə yerləri çox sevmir. Amma müalicəsi yaxşı irəliləyir. Həkimlər bir müddət də onu göz önündə saxlamaq, hər dəqiqə izləyə bilmək üçün reanimasiyada saxlayacaqlar. İnşallah, tezliklə adi palataya çıxar və bayramda evdə olarıq”, — deyə o qeyd etmişdi.

