Moda dünyasının ən nüfuzlu və maraqla gözlənilən tədbirlərindən biri olan Paris Moda Həftəsi bu il də dünyanın müxtəlif ölkələrindən tanınmış simaları Fransanın paytaxtında bir araya gətirib.
Dizaynerlərin yeni mövsüm kolleksiyalarını təqdim etdiyi dəbdəbəli tədbir təkcə geyimlərlə deyil, məşhurlar arasında yaşanan gözlənilməz görüşlərlə də diqqət çəkib.
Tədbirə qatılan ulduzlardan biri dünyaca məşhur amerikalı müğənni və aktrisa Cennifer Lopez olub. Hər zaman tərzi ilə diqqət mərkəzində olan Lopez moda dünyasının tanınmış brendlərindən birinin nümayişini zalın ən ön sırasından izləyib.
Türkiyənin pop musiqi səhnəsinin tanınmış simalarından Hadisə də Paris Moda Həftəsinin qonaqları arasında yer alıb. O, nümayişdə şıq görünüşü ilə diqqət çəkib.

Defile zamanı Hadisə ilə Cennifer Lopezin eyni sırada, yan-yana oturduğu görüntülər marağa səbəb olub. İki məşhur sənətçinin görüşü zalda diqqətçəkən anlara çevrilib.
Hadisə və Cennifer Lopezin əl sıxaraq səmimi şəkildə salamlaşdığı, daha sonra isə gülümsəyərək bir müddət söhbət etdiyi anlar ətrafdakıların kameralarına əks olunub.
Sosial şəbəkələrdə sürətlə yayılan görüntülər qısa müddətdə böyük maraq doğurub. Kadrlar həm Türkiyədə, həm də beynəlxalq maqazin izləyiciləri tərəfindən geniş müzakirə olunub.

