Cennifer Lopez və Ben Afflekin ilk nişanlarını pozduqdan illər sonra yenidən bir araya gəlməsi vaxtilə böyük maraqla izlənilmişdi. Hətta həmin dövrdə “keçmiş sevgilidən yenidən sevgili olarmı?” sualı da gündəmə gəlmişdi.
İlk ayrılıqları barədə “Onsuz öləcəyimi düşünürdüm, özümü işə verdim” deyən Lopez ilə Afflekin münasibəti bir müddət “küllərindən doğan eşq” kimi təqdim olunmuşdu.
Yenidən “Bennifer” adlandırılan cütlük 2022-ci ildə arzularına çatdı. Əvvəlcə Las-Veqasda nikah bağladılar, daha sonra isə Afflekin Corciyadakı malikanəsində dəbdəbəli toy etdilər.

Amma görünür, küllərindən doğan bu eşq cəmi 2 il davam etdi. Çünki 2024-cü ildə onların yolları bu dəfə tamamilə ayrıldı.
Bu, Cennifer Lopezin dördüncü, Ben Afflekin isə ikinci evliliyi idi.
Hazırda onların heç biri həyatına yeni birini daxil etməyib. Afflek keçmiş həyat yoldaşı Cennifer Qarner və bu evlilikdən olan 3 övladı ilə vaxt keçirir. Lopez isə Mark Entoni ilə evliliyindən dünyaya gələn əkizləri Maks və Emmeye, eləcə də karyerasına fokuslanıb.
Görünür, 56 yaşlı Lopez bu həyat tərzindən kifayət qədər razıdır.
Yaxın vaxtlarda rəqəmsal platformalardan birində yayımlanacaq “Office Romance” serialındakı rol yoldaşı Brett Qoldşteyn ilə yaxınlaşdığı iddia edilən Lopez qatıldığı proqramda bu xəbərləri təkzib edib.
Yeni serialının tanıtımı üçün iştirak etdiyi proqramda aparıcı Cimmi Kimmel ona “Hazırda subaysan?” sualını verib. JLo isə səmimi şəkildə cavab verib.
Ulduz gülümsəyərək “Bəli” deyib və əlavə edib:
“Bunu daha əvvəl etməli idim. Deməli, hər şeyi səhv edirmişəm. İnan mənə, hər şeyi səhv etmişəm”.
Bununla belə, Cennifer Lopez eşqdən tamamilə ümidini kəsməyib. Subaylığın “möhtəşəm” olduğunu desə də, bir gün kifayət qədər yaxşı bir insanla qarşılaşacağına inandığını bildirib.

Lopez ilk evliliyini 1997–1998-ci illərdə Ojani Noa ilə edib. Daha sonra 2001–2003-cü illərdə Kris Cadd ilə evli olub. Caddın atasının iddiasına görə, Lopez həmin evlilik dövründə “Gigli” filmində rol aldığı Ben Afflekə aşiq olub və boşandıqdan sonra onunla nişanlanıb. Lakin cütlük evlənmədən ayrılıb.
Cennifer Lopez üçüncü evliliyini Mark Entoni ilə edib və bu evlilikdən əkiz övladları dünyaya gəlib.
2022-ci ildə isə illər sonra yenidən bir araya gəldiyi Ben Afflek ilə ailə qurub. Lakin bu evlilik cəmi 2 il davam edib və cütlük ötən il rəsmi şəkildə boşanıb.

