Ümraniyedə futbolçu Kubilay Kaan Kundakçının silahlı hücum nəticəsində öldürülməsi ilə bağlı məhkəmə prosesi davam etdirilib.
İstanbul Anadolu 27-ci Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda həbsdə olan təqsirləndirilən şəxslərdən Aleyna Kalaycıoğlu hakim qarşısına çıxaraq ifadə verib.
O, özünə qarşı irəli sürülən ittihamları qəbul etməyib və hadisənin qurbanlarından biri olduğunu deyərək azadlığa buraxılmasını tələb edib.
Kalaycıoğlu məhkəmədə bildirib ki, kimisə cinayətə təhrik etdiyinə dair heç bir sübut yoxdur.
“Alaattin bu qədər cahil ola bilər, amma mən vicdansız deyiləm. Artıq dözəcək gücüm qalmayıb”, — deyə o qeyd edib.
Hadisəyə görə kədərləndiyini bildirən Kalaycıoğlu “Mən də bu hadisənin qurbanıyam. Azadlığa buraxılmağımı istəyirəm” deyib.
Onun vəkili isə müvəkkilinin anası və bacısı qarşısında öhdəlikləri olduğunu əsas gətirərək məhkəmədən nəzarət tədbiri şərti ilə azadlığa buraxılmasını xahiş edib.
Kalaycıoğlu ittihamları yenidən rədd edərək özünün “günah keçisi” seçildiyini bildirib.
“Mən qatil deyiləm. Heç kimi yönləndirməmişəm. Günah keçisi olaraq mən seçilmişəm. Bu hadisənin qurbanı olduğum halda mühakimə olunmağım məni çox üzür”, — deyə o vurğulayıb.
Məhkəmə Aleyna Kalaycıoğlu və Alaattin Kadayıfçıoğlu da daxil olmaqla, bütün həbsdə olan təqsirləndirilən şəxslərin həbs müddətinin davam etdirilməsinə qərar verib.

