Türkiyəli müğənni Murat Dalkılıç illərdir davam edən səhhət problemi ilə bağlı 13-cü əməliyyatını da geridə qoyub.
Uşaqlıq illərindən burnundakı narahatlıq səbəbindən müxtəlif əməliyyatlar keçirən sənətçi son müdaxilədən sonra özünü daha yaxşı hiss etdiyini bildirib.
Kiprdə verəcəyi konsertdən əvvəl jurnalistlərin suallarını cavablandıran Dalkılıç deyib:
“Artıq özümü yaxşı hiss edirəm, ən vacibi də budur. Bundan başqa, düşünürəm ki, problem yavaş-yavaş aradan qalxacaq.”
İllər ərzində müxtəlif əməliyyatlar keçirən müğənninin müalicəsində fərqli üsullardan istifadə olunub. Təbii qığırdaq toxuması kifayət etmədikdən sonra tibbi protezdən istifadə edilib. 13-cü əməliyyatdan sonra müalicə prosesində müsbət nəticə əldə olunduğu bildirilib.
Dalkılıç yaşadığı prosesin yalnız estetik dəyişiklikdən ibarət olmadığını vurğulayaraq səhhət problemlərinin onu illərdir çətin vəziyyətdə qoyduğunu deyib.
Müğənni əvvəlki əməliyyatlarından birindən sonra infeksiyaya yoluxduğunu və bunun onu dəfələrlə yenidən əməliyyat masasına qaytardığını bildirib.
O, yaşadığı çətin dövrü belə təsvir edib:
“Həmin infeksiya məni dəfələrlə yenidən əməliyyat masasına apardı. Hər biri 11 saat davam edən iki ağciyər əməliyyatı keçirdim və komada qaldım.”
İnfeksiya səbəbindən ciddi sağlamlıq problemləri yaşayan Dalkılıç müalicə müddətində həyati risklərlə də üzləşib. Fəsadlar səbəbindən uzun müddət xəstəxanada qalan sənətçi bu dövrü həyatının ən çətin mərhələlərindən biri adlandırıb.
Dalkılıç bildirib ki, müalicəsinin bəzi mərhələlərində həkimlər də müsbət nəticəyə çox ümid etməyiblər.
“Problem heç aradan qalxmaya da bilərdi. Həkimlər şans vermirdilər. Bu nöqtəyə gəlmək belə möcüzədir”, – müğənni deyib.
Sənətçi müalicə müddətində həyat tərzində də dəyişiklik etdiyini bildirib. O, alkoqol və siqaretlə yanaşı, qlüten və şəkərdən də imtina etdiyini qeyd edib.
13-cü əməliyyatdan sonra səhhətində müsbət irəliləyiş olan Murat Dalkılıç bütün çətinliklərə baxmayaraq səhnə fəaliyyətini davam etdirir.



