Kiprdə konsert verən türkiyəli müğənni Funda Arar musiqi sektorunda süni intellektdən istifadənin genişlənməsinə sərt reaksiya göstərib.
Səhnəyə çıxmazdan əvvəl jurnalistlərin suallarını cavablandıran sənətçi yeni albomu ilə bağlı müsbət rəylər aldığını bildirib. O, son dövrlərdə musiqi və kliplərin hazırlanmasında süni intellektdən istifadəyə də münasibət bildirib.
Funda Arar öz səsinin də icazəsiz şəkildə istifadə edildiyini deyərək bunu “əmək oğurluğu” adlandırıb.
“Hürriyet” nəşrinin məlumatına görə, müğənni süni intellekt vasitəsilə hazırlanan musiqi və kliplərin duyğudan məhrum olduğunu bildirib.
“Bu, əmək oğurluğudur. İnsanlar artıq süni intellektlə hazırlanan işlərdən beziblər. Bizi canlı izləmək istəyirlər”, — deyə sənətçi vurğulayıb.

Funda Arar bildirib ki, süni intellekt səhnədəki həqiqi emosiyanı və ifaçı ilə tamaşaçı arasında yaranan bağı əvəz edə bilməz. Onun sözlərinə görə, Türkiyədə canlı musiqi hələ də öz əhəmiyyətini qoruyur.
Müsahibədən sonra səhnəyə çıxan müğənni müxtəlif illərdə sevilən mahnılarını kiprli pərəstişkarları ilə birlikdə ifa edib. Sənətçi güclü canlı performansı və səhnə üslubu ilə tamaşaçıların alqışını qazanıb.

