“Survivor Yunanıstan”ın 13-cü mövsümünün iştirakçısı Stavros Floros Dominikan Respublikasında baş verən ağır qəzadan sonra AcunMedya və SKAI TV-yə qarşı 100 milyon dollardan çox təzminat tələbi ilə məhkəməyə müraciət edib.
22 yaşlı Floros açıq dənizdə sualtı balıq ovu ilə məşğul olarkən turist gəmisinin pərinə düşərək sol ayağını itirib. O, sentyabrın 3-də təqdim etdiyi iddia ərizəsində proqramın prodüserlərini ağır səhlənkarlıqda ittiham edib.

Florosun iddiasına görə, proqram formatı iştirakçıların açıq dənizdə sualtı ov etməsini nəzərdə tutub, lakin Dominikan Respublikasının intensiv turist hərəkəti olan sularında kifayət qədər təhlükəsizlik tədbirləri görülməyib. O bildirib ki, ərazidə təhlükəsizlik qayıqları, müşahidəçilər, qorunan zonalar və xəbərdarlıq nişanları olmayıb.
May ayında baş verən qəza zamanı onun sol ayağı ciddi şəkildə zədələnib və sonradan amputasiya olunub. Florosun sözlərinə görə, gəmidə olan bir sərnişinin qanaxmanı dayandırmaq üçün turniket tətbiq etməsi onun həyatını xilas edib. Daha sonra o, Mayamidə müalicə alıb və çoxsaylı əməliyyatlar keçirib.

Floros keçmiş və gələcək fiziki ağrılarını, psixoloji travmanı və həyat keyfiyyətindəki itkini əsas gətirərək 100 milyon dollardan artıq təzminat tələb edir.
AcunMedya isə hadisənin çəkilişlərə verilən fasilə zamanı, yarışmanın özündən kənarda baş verdiyini bildirib. Şirkətin məlumatına görə, Florosa dərhal yardım göstərilib və o, təhlükəsiz şəkildə xəstəxanaya çatdırılıb. Yerli liman orqanları hadisənin bütün şəraitini araşdırır.
SKAI TV də hadisədən sonra “Survivor Yunanıstan”ın yayımını dayandırıb və Florosun müalicə və reabilitasiyasına dəstək verəcəyini bildirib.
Denmedia.az

