Qazaxıstanda narkotik qaçaqmalçılığında şübhəli bilinərək həbs olunan azərbaycanlı reper Navai Bəkirov girov müqabilində azadlığa buraxılıb.
Bu barədə SHOT “Telegram” kanalı məlumat yayıb.
Bildirilib ki, ötən axşam sənətçi Taraz şəhərindəki 13 saylı istintaq təcridxanasından yenidən müvəqqəti saxlama təcridxanasına köçürülüb.
Bu gün keçirilən məhkəmə iclasında onun barəsində seçilmiş həbs qətimkan tədbiri girovla əvəz edilib.
Navai narkotik qaçaqmalçılığı ittihamını qəbul etməyib. O bildirib ki, qadağan olunmuş maddə şəxsən onun üzərindən deyil, birlikdə səfər etdiyi şəxslərlə istifadə etdiyi icarəyə götürülmüş “Mercedes” avtomobilindən tapılıb.
Xatırladaq ki, ifaçı oktyabrın 13-də Qırğızıstandan Qazaxıstana keçərkən “Korday” sərhəd-keçid məntəqəsində saxlanılıb.
Sərhəddə xidməti itin avtomobilə reaksiya verməsindən sonra aparılan yoxlama zamanı salondan təxminən 2,5 qram marixuana aşkarlanıb.
Həmin vaxt reperlə birlikdə avtomobildə konsert direktoru Rauf Həsənov və avtomobilin icarəsi ilə məşğul olan Xalmurad Manapov da olub.
Hər iki şəxs qısa müddət sonra sərbəst buraxılsa da, Navai Bəkirov həbsdə saxlanılıb.
Məhkəmənin son qərarı ilə reper azadlığa buraxılıb. Onun barəsində cinayət işi üzrə araşdırma davam edir.

