30 
iyn
2023
19:28
252

Muğanlı-İsmayıllı yolunda son vəziyyət - VİDEO

30 iyn, 2023
19:28
252

Muğanlı-İsmayıllı yolunda son vəziyyət - VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün axşam saatlarında Muğanlı-İsmayıllı avtomobil yolunun 2-ci km-də aparılan tikinti işləri ilə əlaqədar salınmış müvəqqəti xidməti yolda sürüşmə qeydə alınıb. Nəticədə Muğanlıdan İsmayıllı və əks istiqamətdə bir-neçə saatlıq avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb, sürücülər alternativ olaraq Bakı-Şamaxı-Yevlax avtomobil yoluna (Ağsu aşırımı) yönəldilib. 

Yolun sürüşmə qeydə alınan hissəsinin bərpası üçün əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub. Gecəboyu aparılan işlər nəticəsində sözügedən ərazidə səhər saatlarında avtonəqliyyat vasitələrinin hərəkətinin tam bərpa olunduğu bildirilir.

Bəs, hazırda Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsində vəziyyət necədir? Müvəqqəti yolda yenidən sürüşmə baş verə bilərmi? Belə təhlükəli halların qarşısının alınması üçün hansı tədbirlər görülür?

Den.az bildirir ki, məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli News24.az-a açıqlama verib. 

O bildirib ki, adından da göründüyü kimi, bu, müvəqqəti yoldur:

"Hazırda əsas yol yenidən qurulur. Muğanlı-İsmayıllı-Qəbələ yolunun ilk 14 km-lik hissəsi geoloji və hidrogeoloji cəhətdən daha mürəkkəb və sürüşmələrə ən çox məruz qalan hissə hesab olunur. Bu səbəbdən gələcəkdə bu kimi problemlər yaşanmasın deyə yol boyunca vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə dövlət başçısının tapşırığına uyğun olaraq, sözügedən yol yenidən inşa edilir".

A.Nəcəfli vurğulayıb ki, Muğanlı-İsmayıllı-Qəbələ yolunun yenidən qurulması layihəsi çərçivəsində yeni yol aktiv sürüşmə sahəsindən yan keçməklə inşa edilir:

"Bundan başqa sözügedən ərazidə yolun uzunömürlü və davamlı olması məqsədilə sürüşməyə qarşı tədbirlər də görülür. Bu çərçivədə svay istinad divarlarının, drenaj sistemlərinin tikintisi və digər mühəndis işlərinin icrası davam edir".

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis mayoru Rövşən Tağıyev də News24.az-a bildirib ki, hazırda sözügedən ərazidə nəqliyyatın hərəkətində məhdudlaşdırılma yoxdur.

Onun sözlərinə görə, əraziyə cəlb edilmiş DYP əməkdaşları yolda nəqliyyatın hərəkətini tənzimləyərək təhlükəsizliyi təmin edirlər: 

“Hazırda sözügedən yolda nəqliyyatın hərəkəti maneəsiz təşkil edilir".

R.Tağıyev onu da bildirib ki, qeyd olunan ərazidə və alternativ yollarda hər hansı yol-nəqliyyat hadisəsi qeydə alınmayıb.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar