MKİ-nin Hitlerin Axtarışları: Cənubi Amerika Əfsanəsi...
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ), 1955-ci ilə qədər Adolf Hitleri Cənubi Amerikada axtarmağa davam edib. Bu axtarışlar, 1945-ci ilin aprelində Hitlerin ölümünə dair sübutlar olmasına baxmayaraq həyata keçirilib.
Den.az xəbər verir ki, Nyu York Post qəzetinin məlumatına görə, MKİ-nin üzərindən məxfilik qaldırılan sənədləri bu barədə daha ətraflı məlumat təqdim edir.
Hitlerin intiharına dair faktlar olsa da, onun Cənubi Amerikaya qaçması ilə bağlı çoxsaylı ehtimallar yaranmışdı. Amerika xüsusi xidmət orqanları, nasist liderin saxta adla orada gizlənə biləcəyini ehtimal edərək bu versiyanı araşdırıblar. 1945-ci ilin oktyabrına aid hesabatda ABŞ Hərbi Nazirliyinin agentləri, Argentinanın La-Falda şəhərindəki bir oteldə Hitlerin gizlənə biləcəyi barədə məlumat veriblər.
Daha sonra 1955-ci ilin oktyabrına aid sənəddə MKİ agenti “CIMELODY-3” kod adı ilə tanınan şəxsin keçmiş SS üzvü Filipp Sitroendən aldığı məlumat qeyd olunub. Sitroen, Hitlerin guya hələ sağ olduğunu və Kolumbiyada yaşadığını bildirib və hətta onunla birlikdə çəkilmiş fotoşəkil təqdim edilib.
Həmin şəxs “Adolf Şrittelmayor” adı ilə tanınıb və 1955-ci ilin yanvarında Kolumbiyanı tərk edərək Argentinaya yollanıb. 1955-ci il noyabrın 4-də MKİ agentləri “GIRELLA” adı ilə tanınan şəxslə əlaqə qurmağa razılıq verib, lakin çox keçmədən MKİ bu əməliyyatı dayandırmağa qərar verib.
2023-cü ildə isə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB), Adolf Hitlerin ölüm şəraiti ilə bağlı əvvəllər məxfi saxlanılan sənədləri yayıb. Bu sənədlərdə şahid ifadələri də yer alıb və onlar Adolf Hitlerlə Yeva Braunun 1945-ci il aprelin 30-da intihar etdiyini təsdiqləyiblər.
Ellada Rəsul
Den.az