Abşeronda qanunsuz tikinti narazılığa səbəb olub. Yaşayış evlərinin yaxınlıqda mövcud obyektin üzərində rəsmi icazə olmadan tikinti aparıldığı bildirilir.
Bu barədə Denmedia.az-a sakinlər məlumat veriblər.
Xırdalan şəhər H. Əliyev küçəsində yaşayan sakinlərin sözlərinə görə, yol kənarında yerləşən obyektin üzərində əlavə mərtəbənin tikintisi zamanı təhlükəsizlik və tikinti normalarına əməl olunmur. Onlar məsələnin araşdırılmasını və qanunsuz tikintinin qarşısının alınmasını istəyirlər.
Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən sorğumuza cavab olaraq bildirilib ki, ərazidə monitorinq keçirilib. Monitorinq zamanı Xırdalan şəhərində Qalayçiyev Amit Əhma oğlu tərəfindən qanunsuz bina üzərində əlavə mansard mərtəbəsinin tikintisinin aparıldığı müəyyən edilib.
İcra Hakimiyyətinin məlumatına görə, tikinti işlərinin heç bir icazə sənədi olmadan həyata keçirildiyi aşkarlanıb.
Bildirilib ki, aşkar edilmiş pozuntu ilə bağlı vətəndaş barəsində qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görülməsi üçün aidiyyəti üzrə müvafiq qurumlara məlumat göndərilib.
Hazırda məsələnin qanunvericiliyə uyğun olaraq araşdırılması gözlənilir.
Nizami Rəsulov

