Abşeron rayonunun Masazır kəndində qanunsuz tikililərlə bağlı genişmiqyaslı tədbirlər həyata keçirilib.
Denmedia.az xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyinin , Şəhərsalma və Arxitektura Komitəsinin, eləcə də rayon polis idarəsinin əməkdaşlarının birgə təşkil etdiyi reyd zamanı kəndin bir neçə küçəsində aparılan tikinti işlərinə baxış keçirilib.
Araşdırma nəticəsində müəyyən olunub ki, bəzi şəxslər tərəfindən müvafiq icazə sənədləri olmadan və şəhərsalma normalarına zidd olaraq tikinti işləri aparılıb. Qanunsuz olaraq inşa edilən bu tikililərin bir qismi yüksək gərginlikli elektrik xətlərinin altında, digərləri isə su xətlərinin üzərində salınıb ki, bu da həm təhlükəsizlik, həm də infrastruktur baxımından ciddi risklər yaradır.
Məsələ ilə bağlı müvafiq qurumların nümayəndələri tərəfindən tikililərin qanun çərçivəsində sökülməsi qərara alınıb. Hazırda söküntü işləri mərhələli şəkildə davam etdirilir.
Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, rayon ərazisində qanunsuz tikililərin qarşısının alınması istiqamətində nəzarət tədbirləri davamlı xarakter daşıyır. Qanunsuz inşaatlara yol verən şəxslər barədə inzibati qaydada tədbirlər görüləcək.
Rəsmi qurumlar bir daha vətəndaşlara müraciət edərək tikinti işlərinə başlamazdan əvvəl bütün lazımi icazə və layihə sənədlərini eləcə də, şəhərsalma qaydalarına əməl etməyi tövsiyə ediblər.
Qeyd edək ki, Abşeron rayonu ərazisində son aylarda bu istiqamətdə aparılan reydlər nəticəsində onlarla qanunsuz tikili müəyyən edilərək sökülüb.

